CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq analitiklər dezinformasiya ilə mübarizə üsullarını müzakirə ediblər

Şuşa Qlobal Media Forumunda dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumun nümayəndələri iştirak edir.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumu üçüncü gündə panel müzakirələrlə davam edib.
Azərtac xəbər verir ki, Forumun “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları) müzakirə olunub.
Sessiyada çıxış edən Böyük Britaniyanın PA Media Qrupunun Baş icraçı direktoru Klayv Marşal iyirmi il əvvəl qəzet satışının azaldığını bildirərək deyib: “Biz ümid edirdik ki, ovaxtkı gənclər yaşlanacaq və qəzetləri alacaqlar. Amma indi baxırıq ki, onlar bu gün o qəzetləri almırlar. Gənclər onlara maraqlı gəlməyən məsələlərdən imtina edirlər. Buna görə də onların nə istədiyini nəzərə almaq lazımdır”.
Yalnız bir platformanın istifadəsinin kifayət olmadığını diqqətə çatdıran “DigiTips“ şirkətinin təsisçisi və baş icraçı direktoru Matthias Lüfkens bildirib:
“Biz auditoriyanı mütləq nəzərə almalı, tviter, tiktok və ddigər sosial şəbəkə hesablarının hamısında fəal olmalıyıq. Davos illik görüşündə xəbərlərlə bağlı bildirmişdim ki, yutub platformasında yerləşək. Mənə dedilər ki, xeyr, o platformanı uşaqlar izləyir. Daha sonra tiktoku təqdim etdilər ki, orada daha aktiv ola bilərik. Demək istədiyim odur ki, auditoriya nəyi necə istəyirsə, biz o istiqamətdə hərəkət etməliyik”.
Müdafiə analitiki Oubai Şahbandar çıxışında vurğulayıb ki, oxucular, izləyicilər qarşısında əsas məqsədləri reallığı onlara çatdırmaqdır. Hadisə yerindən dəqiq, operativ, qərəzsiz məlumatların izləyiciyə çatdırılması əsas vəzifədir.
Qarabağa gəlməklərinin əsas səbəbinin buradakı vəziyyəti dünyaya çatdırmaq olduğunu deyən Oubai Şahbandar əlavə edib
“Hadisələri olduğu kimi görərək reallığı bictimaiyyətə çatdırmaq ən vacib məsələmizdir. Biz dünən üç il əvvəl baş verən müharibə yerlərində olduq. Həmin ərazilərdə reportaj hazırlayaraq şərhlərimizi bildirdik, gördüklərimizi ictimaiyyətə çatdırmağa çalışdıq. Dünyada bəzilərinin heç xəbəri yox idi ki, Azərbaycan, Şuşa haradır? Orada nə baş verib? Bütün bunları dünən bu ərazilərdə çəkdiyimiz videoreportaj sayəsində biz də öz növbəmizdə beynəlxalq ictimaiyyətə çatdırdıq”.
Gürcüstanın İctimai Televiziyasının Baş direktoru Tinatin Berdzenişvili isə deyib:
“Qürur duyuruq ki, işimizi müstəqil şəkildə qururuq. Biz görürük ki, bütün Qərb mediası daha konstruktiv olmağa, ictimaiyyət üçün həll yolları tapmağa çalışır. Çalışmalıyıq ki, qərəzsiz, obyektiv olaq. İctimaiyyətin problemləri üçün həll yolları axtarıb tapmaq istiqamətində irəliləməliyik”.
Yeni nəslin daha qərəzsiz mediaya ehtiyacının olduğunu söyləyən T.Berdzenişvili vurğulayıb:
“Rəqəmsal dünyada bizim vəzifəmiz bu imkanları ictimaiyyətə təqdim etməkdir. Biz bilmirik ki, gələcək necə olacaq. Buna görə də çağırışlara çevik reaksiya verməliyik. Həmçinin biz, həmçinin təkcə xəbərlərə fokuslanmamalı, ictimaiyyətin istəyini də nəzərə alaraq iş görməliyik”.
Sessiyada iştirakçılar, həmçinin media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, qonaqların suallarını cavablandırıblar.
Xatırladaq ki, Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.
Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.