İQTİSADİYYAT

Yerli quşçuluq təsərrüfatları problemləri ilə bağlı hökumətə müraciət edib

Müraciətdə bildirilir ki, Nazirlər Kabineti tərəfindən damazlıq yumurta idxalına 10 sent əlavə rüsum təyin olunduqdan sonra bir sıra ölkələrdəki istehsalçılar ikili sxemlə ölkəmizə damazlıq yumurta və kəsim məqsədli 1 günlük cücə idxalına başlayıblar.
Sputnik
BAKI, 22 iyul - Sputnik. Son aylarda yerli quşçuluq təsərrüfatları ciddi problemlərlə üzləşib.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bildirib ki, bununla bağlı qurum hökumətə müraciət edib.
Müraciətdə bildirilir ki, Nazirlər Kabineti tərəfindən yerli istehsalçıları haqsız rəqabətdən qorumaq üçün damazlıq yumurta idxalına 10 sent əlavə rüsum təyin olunduqdan sonra bir sıra ölkələrdəki istehsalçılar ikili sxemlə ölkəmizə damazlıq yumurta və kəsim məqsədli 1 günlük cücə idxalına başlayıblar. Bu prosesdə Türkiyənin “Hastavuk” şirkəti xüsusilə fərqlənir. Məlumata görə, bu şirkət MDB üzvü olan Gürcüstanda fabrik quraraq, Türkiyədəki müəssisələrindən damazlıq yumurtadan cücə əldə edir və buradan külli miqdarda cücə Azərbaycana idxal olunur.
Assosiasiya xatırladır ki, əlavə rüsumlar MDB üzvü olan ölkələrdən idxala şamil olunmur. “Hastavuk” şirkəti bu imkandan istifadə edərək, çoxlu sayda birgünlük cücəni Gürcüstan məhsulu kimi aşağı qiymətə Azərbaycana ixrac edir, eyni zamanda Türkiyənin özündən birgünlük cücələr real qiymətindən daha ucuz dəyərlə ölkəmizə gətirilir: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 6 ayında 5 milyon 752,31 min dollarlıq, 9 milyon 964 min 657 ədəd çəkisi 185 qramdan çox olmayan diri ev toyuqları idxal olunub. Bunun 278 min 844 ədədi Rusiyadan, 4 milyon 797 243 ədədi Gürcüstandan, 14 min 80 ədədi İspaniyadan, 4 milyon 874 min 490 ədədi Türkiyədən idxal olunub. Türkiyədən idxalda cücənin biri 33 sentə, Gürcüstandan idxal olunanlar isə 52 sentə reallaşıb. Bundan əlavə, ölkəyə inkubasiya üçün mayalandırılmış yumurta idxalı da kütləvi hal almağa başlayır. Bu ilin 5 ayında belə idxal 8 milyon 468,12 min dollar dəyərlə 10 milyon 732,92 min ədəd təşkil edib. Bunun 5 milyon 702,28 min ədədi Türkiyədən, 2 milyon 508,84 min ədədi Belarusdan, 1 milyon 728 min ədədi Rusiyadan, 793,8 min ədədi Gürcüstandan gətirilib”.
Assosiasiya hesab edir ki, Azərbaycanın quşçuluq təsərrüfatları üçün problem yaradan digər hal xaricdən böyük həcmdə quş əti idxalıdır: “2022-ci ildə ölkəmizə 34 min 750,54 ton, bu ilin 5 ayında isə 13 min 199,99 ton belə ət idxal edilib. Kiloqramı 2.3 manata reallaşan bu idxal yerli təsərrüfatların məhsullarının satışını məhdudlaşdırır, inkişaf üçün investisiya yatırımlarının qarşısını alır”.
Qurum bildirir ki, bu idxallar bazarda haqsız rəqabət mühiti formalaşdırmaqla yerli damazlıq yumurta istehsalçılarına böyük zərbə vurur: “ Hazırda yerli istehsalçılar Gürcüstandan və Türkiyədən külli miqdarda idxaldan yaranan rəqabətə davam gətirmək üçün öz məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif etməyə məcburdurlar. Bu isə uzun müddət davam edə bilməz və sonunda yerli istehsalçıların müflis olmasına gətirib çıxaracaq bir haldır”.
Yaranmış vəziyyətlə əlaqədar olaraq Assosiasiya Azərbaycanın Baş nazirinə müraciət ünvanlayıb. Assosiasiyada birləşən sahibkarlar hökumətdən yerli istehsalçıların qorunması istiqamətində addımlar atılmasını xahiş edirlər: “Bu addımlar kəsim məqsədli birgünlük cücə idxalının da əlavə rüsuma cəlb edilməsi, möhürsüz, istehsal tarixi göstərilməyən süfrə yumurtalarının idxalının qarşısının alınması, həmçinin toyuq əti və süfrə yumurtası idxalı üçün tələb edilən sənədlərin ən azı Gürcüstanla eyni saya çatdırılması və sair ola bilər”.
Qeyd edilir ki, Azərbaycan quşçuluq təsərrüfatları süfrə yumurtası ilə ölkəni 130-140 faiz, quş əti ilə 100 faizə yaxın, damazlıq yumurta ilə 100 faiz təmin etmək gücündədir.