BAKI, 22 iyul - Sputnik. Azərbaycanda əhalinin gəlirləri artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 37 milyard 871,1 milyon manat və ya hər nəfərə orta hesabla 3734,8 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 33424,9 milyon manat təşkil edib.
Əməkhaqqı
2023-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3655,6 manat, qeyri-neft-qaz sektorunda 864,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 871,2 manat, özəl müəssisələrdə isə 967,4 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.