BAKI, 21 iyul — Sputnik. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qərarı ilə Azərbaycanla birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası sazişi təsdiqlənib. Bu barədə Özbəkistan milli qanunvericilik bazasının saytında dərc olunmuş qərarın mətnində deyilir.
"Özbəkistan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında Saziş təsdiq edilsin", - qərarda deyilir.
Saziş 2023-cü il fevralın 24-də Daşkənddə Regionlararası Forumunun birinci iclasının, Özbəkistan və Azərbaycanın İşgüzar Şurasının iclasının yekunları üzrə imzalanıb. Eyni zamanda, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fondun ilkin kapitalının 500 milyon dollar olacağını bildirib.
Fərmana əsasən, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi respublika tərəfindən bu beynəlxalq müqavilənin həyata keçirilməsinə cavabdeh olan səlahiyyətli orqan təyin edilib. Fondun nizamnamə kapitalında Özbəkistanın payı ölkənin yenidən qurulması və inkişafı fondunun vəsaiti hesabına formalaşır.
Mirziyoyev Xarici İşlər Nazirliyinə sözügedən sazişin qüvvəyə minməsi üçün zəruri olan prosedurların Özbəkistan tərəfindən yerinə yetirilməsinə dair Azərbaycan tərəfinə müvafiq məlumat göndərməyi tapşırıb.
2023-cü ilin martında Azərbaycana işgüzar səfəri zamanı Mirziyoyev tərəflərin neft-qaz, avtomobil və toxuculuq sənayesi, eləcə də kənd təsərrüfatı sektorunda təxminən 800 milyon dollar dəyərində layihələr üzərində işlədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.