BAKI, 21 iyul — Sputnik. Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
Rusiya XİN-in məlumatına görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas istiqamətləri üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.
Nazirlər gələcək təmaslar barədə razılığa gəliblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, keçən ilin fevralında imzalanmış Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsidir. Bu Bəyannamə müstəqilliyin müxtəlif dövrlərində müxtəlif şəkildə təşəkkür tapan münasibətlərin bir formasıdır.
Əlaqələrin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu qeyd edən dövlətimizin başçısı bildirib: "Hər iki ölkənin həyata keçirdiyi işlərin həcminə baxarkən görünür ki, hər iki tərəf əməkdaşlığın gücləndirilməsinə və konkret nəticəyə yönəlmiş işbirliyinə yönəlib. Biz bu münasibətlərin dərinliyinə yaxşı bələdik. Bizim qarşılıqlı əlaqələrin sferası olduqca genişdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.