SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Biz törətdikləri əməllərə görə ermənilərdən qisas almaq fikrində deyilik - Prezident

İlham Əliyev deyib ki, bu yaddaş silinməyib, silinməyəcək və silinməməlidir. Azərbaycan xalqı ermənilərin etdiklərini ona görə heç vaxt unutmamalıdır ki, bu hadisələr bir daha təkrarlanmasın.
Sputnik
BAKI, 21 iyul - Sputnik. Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var, hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, biz törətdikləri əməllərə görə onlardan qisas almaq fikrində deyilik.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
“Mən onu demişdim - hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu yaddaş silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: “Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın”.
Qarabağın erməni əhalisinin inteqrasiyasında konstruktivlik göstərmişik
İlham Əliyev qeyd edib ki, Azərbaycan Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı dəfələrlə öz mövqeyini bildirib və maksimum şəkildə konstruktivlik göstərib.
"Ancaq bu gün Qarabağda “hakimiyyəti” əlində saxlayan xunta gah özlərinə “prezident” deyir, özlərini “deputat”, “nazir” adlandırır. Bu, gülüş doğurur”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, onlar bu gün orada yaşayan erməniləri girov saxlayırlar".
Qarabağdakı ermənilərin nümayəndələri ilə təmasların qurulması üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, onlar bundan nümayişkaranə şəkildə imtina ediblər.
Dövlət başçısı, həmçinin deyib: “Bir müddətdən sonra biz növbəti dəfə onları dəvət etdik. Bəlkə də burada hər hansı bir səhv ola bilər deyə, onları növbəti dəfə dəvət etdik. Biz növbəti dəfə etiraz eşitdik, imtina eşitdik. Mən də dedim ki, bundan sonra heç bir dəvət olmayacaqdır”.
Əli Azərbaycan xalqının qanına batmış cəlladlar cəzalandırılır
“Biz (İkinci Qarabağ müharibəsində - red.) təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını bəd əməllərdən demək olar ki, xilas etdik”, - Prezident deyib.
“Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır”, - deyən dövlətimizin başçısı ancaq bu təqdirdə xalqlar arasında real barışığın ola biləcəyini qeyd edib.
O bildirib ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın, onlardan birincisi ermənilərin öz günahlarını etiraf etməsidir.
Ermənilərin Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlayıb
Prezident çıxışında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən də danışıb.
“Ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşamışlar. Onların Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlamışdır”, - İlham Əliyev deyib.
1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığının, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın digər xanlıqlarının da Rusiya imperiyasının daxilinə salındığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara, Qarabağ torpağına, o cümlədən Şuşaya qonaq kimi gəlmişdilər”.
SİYASƏT
"Ermənistan qəbul edib ki, Qarabağ Azərbaycandır və artıq sənədə imza atmaq mərhələsidir"