SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti: Şuşa Bəyannaməsi bizim qarşımızda yeni üfüqlər açır

İlham Əliyev Forumda ordumuzun üç il bundan əvvəlkindən daha güclü olduğunu diqqətə çatdırıb.
Sputnik
BAKI, 21 iyul — Sputnik. "İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlət başçısı Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq deyib:
"Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır".
Prezident çıxışında xalqımızı istənilən ssenariyə hazır olmağa çağırıb:
"Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimizi nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq".
Bu gün Ordumuzun üç il bundan əvvəlki ordudan daha güclü olduğunu diqqətə çatdıran dövlət başçısı deyib: "Əlbəttə ki, buna ehtiyac var, o da bizim tariximizdən qaynaqlanır. Biz görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir, biz uzun illər bu yanaşmaya məruz qalmışıq".
BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Prezident həçinin deyib:
"Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.