BAKI, 20 iyul — Sputnik. Quranın yandırılması aksiyasına etiraz olaraq iraqlılar Bağdaddakı İsveç səfirliyinin binasına soxulublar. Etirazçılar səfirliyi ələ keçirib və yandırıblar. Səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Quranın və digər müqəddəs kitabların yandırılmasını pisləyib. Qurumun İnsan Hüquqları Şurası (UNHRC) Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanında polisin icazəsi ilə Quranın yandırılması aksiyası keçirilib. Aksiyanın təşkilatçısı olan 37 yaşlı iraqlı mühacir Salvan Momika müsəlmanların müqəddəs kitabının səhifələrini qopararaq yandırıb. Hadisə müsəlmanların əsas dini bayramlarından olan Qurban bayramı gününə təsadüf edib.
İsveç polisi iyulun 12-də Helsinqborqun mərkəzində dini kitabın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib.
Azərbaycandakı dini konfessiya rəhbərləri birgə bəyanat yayıb
Baş verən hadisə ilə əlaqədar yayılan bəyanatda deyilir:
"O Bir olan Yaradanın adı ilə!
Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudi, katolik və alban-udi konfessiyalarının rəhbərləri iyunun 28-də İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında polisin himayəsi ilə müsəlmanların müqəddəs Kitabı – Məhəmməd (s) Peyğəmbərlə yanaşı İbrahim, Musa, İsa və Müqəddəs Məryəm ananın zikr olunduğu Qurani-Kərimin həqarət olunaraq yandırılması aksiyasını islamofobiya təxribatı və vəhşi vandalizm aktı kimi qiymətləndirir və bu iyrənc hadisəni qətiyyətlə pisləyirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.