BAKI, 20 iyul — Sputnik. Yay aylarında tamaşaçılar ənənəvi kinoteatrlarda yox, açıq havada film izləməyi daha üstün tuturlar. Şamaxı şəhərində Open air cinema (açıq havada kino) bu səbəbdən təşkil olunur. Amma paytaxt sakinləri və digər bölgələrdə yaşayanlar bu üstünlükdən məhrumdurlar.
Bunu "CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova Sputnik Azərbaycan-ın Azərbaycanda yay kinoteatrlarının nə üçün təşkil edilmədiyi və belə bir perspektivin olub-olmadığı barədə sualını cavablandırarkən deyib.
Açıq havada kinoya baxmaq istəyən Şamaxıya getsin
Həsənova bildirib ki, Şamaxı şəhərində cümə, şənbə və bazar günləri Open air cinema fəaliyyət göstərir. Bundan başqa, bayram günləri də açıq havada film seyr etmək istəyənlər Şamaxı şəhərinə üz tuta bilərlər.
"Biletlərin qiyməti 10 manatdır. Azərbaycanın digər bölgələrində də səyyar kinoteatrlar olsa, həm kinoteatrlar, həm də film sahibləri qazanc əldə edər" - deyə mətbuat katibi bildirib.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə isə deyib ki, artıq 4-cü ildir onun rəhbəri olduğu kinoteatrlar şəbəkəsi açıq havada filmlər nümayiş etdirir: "Pandemiya dövrünü çıxmaq şərtilə digər illərdə may ayından sentyabr ayına kimi açıq havada filmlər nümayiş olunur. Çox istəyərdik ki, digər bölgələrə də üz tutaq. Amma hələki bu, yalnız Şamaxıda baş tutur. Digər bölgələrdən təklif gələrsə, məmnuniyyətlə film nümayiş etdirərik".
Mədəniyyət Nazirliyi kinoteatrları bərpa edib püşkatma ilə kinoteatr şəbəkəsinə versin
Zaur Darabzadənin fikrincə, ümumiyyətlə, kinoteatrlar təkcə biznes və kommersiya strukturları üzərində qurulmamalıdır. Çünki, onların biznes baxımından sabitliyi olmaya bilər. Bölgələrdə kinoteatrların açılması birbaşa dövlətin dəstəyi ilə olmalıdır:
"Postsovet ölkələrində bütün şəhərlərdə standart kinoteatrlar var idi. Onların bir çoxu dövlətin dəstəyi ilə bərpa edilib. Təəssüf ki, Azərbaycanın regionlarında kinoteatrların vəziyyəti ürəkaçan deyil. Ümid edirik ki, Mədəniyyət Nazirliyi bölgələrdə olan kinoteatrları bərpa edib, püşkatma ilə hansısa kinoteatr şəbəkəsinə verəcək. Yəni, normalda bu proses belə baş verir".
Darabzadə bildirir ki, Gəncədəki kinoteatr onun təşəbbüsü ilə açılıb. Bakı və Sumqayıtdakı kinoteatrlarda vəziyyət yaxşıdır. Amma Gəncə haqqında bunu demək olmaz:
"Gəncədə vəziyyət o qədər də ürəkaçan deyil. Çünki, Sovet hökuməti dağılandan sonra kinoteatrların hamısı bağlanıb. Halbuki o dövrdə bölgələrdə, şəhərlərdə, hətta kəndlərdə belə klublar, kinoteatrlar var idi. İnsanlar gedib filmlərə baxırdılar. Mədəniyyət formalaşmışdı. 1997-ci ildə bölgədə doğulan insan kinoteatrda necə davranacağını bilməyəcək. Kinoteatr olmalıdır ki, insanlar maariflənsinlər. Böyük kinoteatr tikmək alınmasa belə, səyyar kinoteatrlar, açıq havada film nümayişi kinomuzun inkişafına təkan verə bilər".
"Park Cinema"nın Marketinq departamentinin rəhbəri Üzeyir Abdullayev isə sözügedən kinoteatrlar şəbəkəsinin açıq havada film nümayişinin hələki nəzərdə tutulmadığını bildirib.
Maliyyə ayırsınlar ki, qazanc əldə edilsin
Tanınmış aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirmişdi ki, kinomuzun inkişafı üçün kinoteatrların fəaliyyəti labüddür. Azərbaycanda kinoya baxmaq üçün yerlər, demək olar ki, yoxdur: "Əvvəllər kənd klublarında baxırdılar. İndi onlar da bərbad gündədir. Birincisi, kinoya baxmaq üçün məkanlar yaradılsın, ondan sonra kinoya maliyyə ayırsınlar ki, ondan qazanc əldə edə bilsinlər. Kinodan pul qazanılsın ki, çəkənin də, çəkdirənin də marağı olsun. Maliyyə Nazirliyi də görsə ki, bu sahədən gəlir əldə edilir, o, növbəti dəfə maliyyəni daha da artıracaq".
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Cəfərov "Azərbaycan Kinosu-125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda keçirilən Kino Forumunda "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" adlı paneldə çıxış edərkən ölkə üzrə 10 səyyar kinoteatrın yaradılmasını təklif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.