CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il nə qədər erkən nikahın qarşısı alınıb?

Bahar Muradova bildirib ki, hazırda Komitənin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 6 ayda 4 “açıq qapı günü” keçirilib.
Sputnik
BAKI, 19 iyul — Sputnik. 2023-cü ilin birinci yarısında 17 erkən nikahın qarşısı alınıb.
Bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, hazırda Komitənin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 6 ay müddətində 4 "açıq qapı günü" keçirilib. Müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib.
Erkən nikah – günümüzün aktual problemi
Xatırladaq ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.