BAKI, 18 iyul — Sputnik. Azərbaycan mətbəxini düyüsüz, xüsusilə də çeşidlərinin sayı 200-ü keçən plovsuz təsəvvür etmək çətindir. Dövlət Gömrük Komitəsi hər gün menyüsündə düyü olan ölkə əhalisini kədərləndirəcək rəqəmləri açıqlayıb. Həmin rəqəmlər göstərir ki, bu il Azərbaycana xaricdən gətirilən düyü bahalaşıb.
Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 32 milyon 506 min dollar dəyərində 36 min 430 ton düyü idxal edilib. Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalı dəyər ifadəsində 22,1%, miqdar ifadəsində 15,3% artıb.
2023-cü ilin 6 ayında 1 ton düyünün orta idxal qiyməti 892 dollar olub. Keçən ilin 6 ayında isə 1 ton düyünün orta idxal qiyməti 842 dollar təşkil edib. Beləliklə, bu il düyünün orta idxal qiyməti 50 dollar bahalaşıb.
Son 1 ildə dünyada düyü ən yüksək həddə bahalaşıb
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2023-cü ilin iyun ayında dünyada düyünün qiyməti son bir il ərzində özünün ən yüksək həddinə çatıb, əvvəlki aya nisbətən 0,6% artaraq 1 ton üçün 496 ABŞ dolları səviyyəsinə yüksəlib. Keçən ilin iyun ayında bu rəqəm 428 dollar olub.
Azərbaycanda düyünün qiyməti...
Dövlət Statistika Komitəsinin məlumatına görə, iyun ayında Azərbaycanda yerli uzun düyünün 1 kq-nın orta aylıq pərakəndə satış qiyməti 5,30 manat, idxal edilən uzun düyünün 1 kq-nın orta aylıq pərakəndə satış qiyməti isə 4,06 manat olub. May ayına nisbətən qiymətlər demək olar ki, dəyişməz qalıb.
Qlobal düyü bazarı son 20 ilin ən böyük qıtılığı ilə üz-üzə
Xatırladaq ki, "Fitch Solutions" beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, 2023-cü ildə qlobal düyü bazarında son 20 ilin ən böyük qıtlığı yaşanacaq. Hesablamalara görə, 2022-2023-cü il mövsümündə qlobal düyü tədarükündə kəsir 8,7 milyon ton olacaq. Bu, 2003-2004-cü il mövsümündən bəri ən böyük kəsir kimi qeydə alınacaq. Həmin mövsümdə 18,6 milyon ton kəsir yaranmışdı.
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, dünyada düyü istehlakının 90 faizi Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin (Çin, Hindistan, İndoneziya, Tailand və s.) payına düşür. Düyü istehsalında da Cənub-Şərqi və Şərqi Asiya ölkələri öndə gedir. Hazırda həmin ölkələrdə düyü istehsalında azalma baş verir və səbəb daşqınlar, musson yağışlarıdır. Pakistan bir neçə ay bundan öncə düyü ixracına məhdudiyyət də qoyub, çünki bu ölkədə istehsal 30 faizdən çox aşağı düşüb. Bundan başqa, düyü həm də buğdanın əvəzedicisidir. Ukraynada baş verən hadisələrdən sonra buğdanın kəskin bahalaşması dünyada düyüyə olan tələbatı da artırıb. Buğda bahalaşanda insanlar düyüyə üstünlük verməyə başlayırlar.
"Bahalaşmanı Azərbaycan bazarında da hiss edəcəyik"
Ekspert bildirib ki, dünyada düyünün qiymətində artım olacaq: "Düyü qiymətləri yavaş-yavaş qalxır və hazırda qiymətlər son 15-20 ilin ən yüksək səviyyəsinə çatıb. Bu bahalaşmanı Azərbaycan bazarında da tədricən hiss edəcəyik".
"Azərbaycanda düyü qıtlığı olmayacaq, lakin qiymət təxminən 20-30 faiz artacaq. Ölkəmizdə daha çox buğda istehlak olunur"-deyə ekspert əlavə edib.
Çəltik becərilməsinə görə fermerlərə 360 manat subsidiya verilir
Qeyd edək ki, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur. Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə, fermerlərə 360 manat əkin subsidiyası verilir.
Yüksək məhsuldar sortların yaradılması üçün tədqiqat işləri aparılır
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb və institututda "Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası" şöbəsi yaradılıb. Həmçinin çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün Lənkəran rayonu ərazisində lazımi infrastruktur yaradılıb.
2020-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2020-2024-cü illər üçün çəltiyin seleksiyasına dair təsdiq olunmuş mövzu planına əsasən Lənkəran bölgəsində seleksiya tədqiqatları həyata keçirilir. Lənkəranda hər il 1,0-1,5 hektar sahədə toxumluq məqsədi ilə "Avanqard" sortunun əkini aparılır və 2,5-3 ton elit toxumu istehsal edilərək bölgə fermerlərinə verilir.
Azərbaycan və Pakistan çəltikçilik sahəsində əməkdaşlığı genişləndirir
Çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti bu il Pakistanda səfərdə olub. Səfər zamanı Pakistan təcrübəsindən istifadə edilərək kadr hazırlığı, ölkəmizin torpaq-iqlim şəraitinə uyğun olan yerli sortların yaradılması üçün genetik materialların Azərbaycana gətirilməsi barədə razılıq əldə edilib.
Xatırladaq ki, ötən il Pakistandan Azərbaycana gətirilən düyü 15 faiz gömrük rüsumundan azad edilib. Azərbaycanın Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. 2027-ci ilin sonunadək Pakistan mənşəli düyünün idxalına görə gömrük rüsumu tutulmayacaq.
Keçən il Azərbaycan ən çox Hindistandan düyü alıb
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2022-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə artıb, 2021-ci ilə nisbətən isə dəyişməz olaraq qalıb. 2022-ci ildə çəltik istehsalı 2021-ci ilə nisbətən 8,4% artaraq 11,6 min ton olub. Çəltiyin məhsuldarlığı 2022-ci ildə hektara 36,1 sentner (s/ha) olub. 2022-ci ildə məhsuldarlıq səviyyəsi 2021-ci ilə nisbətən isə 3,7% artıb. 2021-2022-ci illərdə düyünün 1 kiloqramının topdansatış qiymətləri 1,87-2,83 manat arasında dəyişib.
2022-ci ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq 50,2 min ton olub. 2022-ci ildə ölkəyə idxal olunmuş düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.
2025-ci ildə istehsal 40 min tona çatdırılacaq
2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.