BAKI, 18 iyul — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə "TASS"a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Nazirlərin telefon danışığında İstanbul taxıl sazişi çərçivəsində son hadisələr və meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan iri təyyarələrin alınması müzakirə olunub.
Xatırladaq ki, iyulun 17-də Rusiya taxıl sazişində iştirakını dayandırdığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə və Ukraynaya, eləcə də BMT Katibliyinə razılaşmanın uzadılmasına etiraz barədə məlumat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Qara dəniz taxıl təşəbbüsü məsələsi ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu təşəbbüs 2022-ci ilin noyabrında 120 gün, daha sonra isə iki dəfə iki ay müddətinə uzadılıb. Saziş 17 iyul tarixində başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.