BAKI, 18 iyul — Sputnik. Xəzər dənizinin sahili və Qara dənizdəki Novaya Anapa kurortu daxili turizmin inkişafı üçün ən perspektivli nöqtələrdir. Onlar 5 milyondan çox turisti cəlb etmək iqtidarındadır. Bunu Rusiya Turoperatorlar Assosiasiyasının (RTOA) vitse-prezidenti Sergey Romaşkin bildirib.
Bundan əvvəl Rusiya Federasiyası hökuməti 2030-cu ilə qədər Rusiyada Baltik, Azov, Qara, Xəzər və Yapon dənizlərində ilboyu fəaliyyət göstərən dəniz kurortlarının yaradılacağını, onların ümumi tutumunun 10 milyon nəfər olacağını bildirmişdi.
"Hesab edirəm ki, bütün elan edilmiş yerlər arasında ən perspektivlisi Dağıstanda Xəzər dənizinin sahilləri və Qara dənizdəki Novaya Anapa kurortudur. Bunlar daha isti dənizlərdir, Rusiyanın böyük turist axını olan Avropa hissəsinə daha yaxındır. Fikrimcə, bu iki layihə prioritet olmalıdır, onlar bu 10 milyon turistin əksəriyyətini qəbul edəcəklər", - deyə "İNTERFAX" Romaşkinin sözlərindən sitat gətirib.
Ekspertin qeyd etdiyi kimi, Rusiyada Azərbaycan və Qazaxıstandan fərqli olaraq Xəzər dənizinin turizm inkişafında ləngimələr olub, ona görə də hazırda onlar əldən çıxmış imkanları bərpa etməyə çalışırlar.
Romaşkin əlavə edib ki, cənub kurortlarına turist axınını artırmaq üçün sürət qatarlarını işə salmaq lazımdır.
"Mənə elə gəlir ki, həm cənub kurortları, həm də Dağıstan üçün yüksəksürətli dəmir yolu xəttinin çəkilməsi faydalı olardı. Hazırda bizim cənuba gedən qatarlar köhnəlib. Turistlər vaxtlarının 30-40 saatını yolda keçirirlər, halbuki gedəcəkləri yerə ən qısa zamanda çatmaq istəyirlər", – deyə ekspert izah edib.
Romaşkinin qeyd etdiyi kimi, cənub kurortları ilə yüksəksürətli dəmir yolu əlaqələrinin işə salınması turistlərə 10 saata təyinat yerinə çatmağa imkan verəcək və bu, turist axınının artmasında ciddi amil ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.