İQTİSADİYYAT

Dövlət Neft Fondunun aktivləri 55 milyard dollara yaxınlaşıb

Yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 12% artaraq iyulun 1-nə 54 milyard 915,1 milyon ABŞ dolları təşkil edib.
Sputnik Azərbaycan bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib.
Rüb ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 8 milyard 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 854,6 milyon manat, bonus ödənişlərindən 765,3 milyon manat, tranzitdən 0,8 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından gəlirləri isə 3 milyard 77,1 milyon manat olub.
Hesabat dövründə ARDNF 2023-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 milyard 661 milyon manat vəsait transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 5,2 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə 3,6 milyon manat yönəldib, idarəetməyə isə 11 milyon manat xərcləyib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri isə 977,6 milyon manat təşkil edib.
"I yarımildə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə edilib. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrin artmasını istisna etmir. Aktivlərin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib", - deyə Fond bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.