BAKI, 18 iyul — Sputnik. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.
Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Sputnik Azərbaycan Neçirvan Bərzaninin Azərbaycana səfəri ilə bağlı millət vəkili Asim Mollazadənin və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Millət vəkili Asim Mollazadə hesab edir ki, Azərbaycan və İraq arasında bu səfərdən sonra enerji, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi mümkündür: "Tərəflər arasında qaz layihələrinin həyata keçirilməsi istisna edilmir. Azərbaycanın Türkiyə ilə birgə yaratdığı nəqliyyat qovşağından onlar da istifadə edə bilərlər".
Politoloq İlyas Hüseynov isə bildirib ki, bu, Azərbaycan lideri ilə İraq Kürdüstanı lideri arasında ilk təmas deyil: "Bundan əvvəl də liderlər arasında müxtəlif platformalarda təmaslar baş tutmuşdu. Lakin bu səfərin reallaşdırılması münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün baza yaradır. Digər tərəfdən burada Türkiyə faktoru mühüm rol oynayır. Çünki Türkiyə maraqlarını təmin etmək baxımından çoxvektorlu siyasət həyata keçirir".
Politoloqun sözlərinə görə, Yaxın Şərq bölgəsinin karbohidrogen ehtiyatları ilə zəngin olması nəzərə alınmalıdır: "Bu region hər zaman dünyanın diqqət mərkəzində olub. Bu baxımdan, Türkiyə ilə balanslaşdırılmış siyasi xəttin yürüdülməsi vacib məqamdır. Terrorla mübarizə, suverenliyə təhdidin qarşısının alınması ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çox doğru bir istiqamət götürüb".
Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə bu baxımdan məsələlərə vahid mövqedən yanaşma sərgiləyirlər:
"İraq Kürdüstanı ilə də Azərbaycan arasında müxtəlif məsləhətləşmələr, təmaslar həyata keçirilməkdədir. Düşünürəm ki, məhz enerji sahəsində olan əlaqələrin daha da gücləndirilməsi siyasi gündəlikdə olacaq. Eyni zamanda siyasi məsləhətləşmələr də burada prioritet təşkil edir. Azərbaycan qardaş Türkiyə ilə birlikdə öz siyasi vizyonunu formalaşdırır. Bu baxımdan da Bərzaninin ölkəmizə səfərinin çox yaxşı nəticələrinin olacağını güman edirəm. Bu səfər Azərbaycanın xarici siyasət strategiyası baxmından da xüsusi əhmiyyət kəsb edir".
İ. Hüseynov geopolitik nöqteyi-nəzərdən burada bir üçbucaq formalaşmasına diqqət çəkib.
Onun sözlərinə görə, Türkiyə tərəfi regionda çox dərin münasibətlərin qurulmasının tərəfdarıdır:
"Bu münasibətlərin qurulması bir çox sahələrdə priotet təşkil edir. Türkiyə ilə İraq Kürdüstanı arasında heç bir problemli məqam yoxdursa, bu məsələyə Azərbaycan da müsbət yanaşma sərgiləyəcək".
"Azərbaycan uzun müddətdir ki, böyük coğrafiyalarda sülh, təhlükəsizlik məsələlərini təşviq edir. İsrail-Rusiya, Türkiyə-Rusiya, Rusiya-İran arasında olan bağların formalaşmasında Azərbaycan vacib rol oynayıb. Vətən müharibəsindən sonra da bu praktika geniş şəkildə tətbiq edilir. Bakı bu gün də barışdırıcı və uzlaşdırıcı mövqedən çıxış edir. Azərbaycan artıq Xəzər bölgəsində, Yaxın Şərqdə, Aralıq dənizində çox mühüm enerji, nəqliyyat münasibətlərini dərinləşdirir. Bu baxımdan, Bərzaninin Bakı səfərini vacib Bakı platformasının davamı kimi dəyərləndirə bilərik", - deyə politoloq qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.