DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran adalar məsələsini heç kimlə müzakirə etməyəcək - İran XİN

İran XİN-in rəsmi nümayəndəsi bildirib ki, ölkəsi heç vaxt öz ərazi bütövlüyü və üç ada üzərində suverenlik məsələsini müzakirəyə çıxarılacaq məsələ hesab etməyib.
Sputnik
BAKI, 17 iyul — Sputnik.İran hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) öz ərazisi hesab etdiyi Fars körfəzindəki Böyük Türbə, Kiçik Türbə və Əbu Musa adalarına sahiblik məsələsini müzakirə etmək niyyətində deyil. Bunu bazar ertəsi İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani Şafi deyib.
"İran heç vaxt öz ərazi bütövlüyü və adı çəkilən üç ada üzərində suverenliyi məsələsini müzakirə edilə bilən məsələ hesab etməyib. Birləşmiş Ərəb Əmirlikləri hökuməti, Rusiya hökuməti və ya hansısa digər dövlət də daxil olmaqla hər hansı bir tərəfin məsələyə müdaxiləsi qəbuledilməzdir", - Kənani bildirib.
Diplomat xatırladıb ki, bununla bağlı İran artıq Rusiya hökumətinə rəsmi etirazını bildirib.
İyulun 12-də İranın "Tasnim" agentliyi xəbər verib ki, İslam Respublikası Xarici İşlər Nazirliyi Rusiya Federasiyası ilə Ərəb Əməkdaşlıq Şurası arasında strateji dialoq çərçivəsində nazirlərin görüşünün yekun bəyanatı ilə əlaqədar Rusiyanın Tehrandakı səfiri Aleksey Dedova etiraz notası təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.