İQTİSADİYYAT

Prezident "Gömrük tarifi haqqında" qanuna dəyişiklik edib

Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2028-ci ilədək vergidən azad edilir.
Sputnik
BAKI, 17 iyul — Sputnik. Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2028-ci ilədək vergidən azad edilir.
Bu, Prezident İlham Əliyevin iyulun 17-də təsdiqlədiyi "Gömrük tarifi haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2028-ci ilədək vergidən azad edilir.
Bundan başqa, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı 2023-cü il martın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.