RUSİYA

Ərdoğan Putinlə "Taxıl sazişi"nin gələcəyini müzakirə edəcəyini bildirib

Ərdoğan sazişin fasiləsiz fəaliyyətini davam etdirəcəyinə ümidini ifadə edib və Ankaranın bu məsələ ilə bağlı "fəal səylərindən" danışıb.
Sputnik
BAKI, 17 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Qara dəniz taxıl təşəbbüsü məsələsi ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Bu barədə "Anadolu" Agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə istinadən xəbər verib.
"Ərdoğan bu mövzuda Rusiya lideri ilə danışıqlar aparacağını söyləyib", - agentlik qeyd edib.
"İnanıram ki, Rusiya prezidenti Qara dəniz "Taxıl sazişi"nin fəaliyyətini davam etdirməsini istəyir", - Ərdoğan bildirib.
Prezident urğulayıb ki, Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov da telefonla Qara dəniz təşəbbüsünü müzakirə edəcəklər. Lakin o, danışıqların nə vaxt baş tutacağını dəqiqləşdirməyib.
Ərdoğanın sözlərinə görə, "Taxıl sazişi" "uğurlu diplomatiya nümunəsi kimi tarixə düşüb". Sazişin fasiləsiz fəaliyyətini davam etdirəcəyinə ümidini ifadə edən dövlət başçısı, Ankaranın bu məsələ ilə bağlı "fəal səylərindən" də söz açıb.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə və Ukraynaya, eləcə də BMT Katibliyinə razılaşmanın uzadılmasına etiraz barədə məlumat verib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu təşəbbüs 2022-ci ilin noyabrında 120 gün, daha sonra isə iki dəfə iki ay müddətinə uzadılıb. Sazişin bitmə tarixi 17 iyuldur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.