BAKI, 17 iyul — Sputnik. Ölkəmizdə 300 minə yaxın şəkərli diabet xəstəsi var. Dünyada aparılan statistikaya görə, hər 5 saniyədə bir nəfər bu xəstəlikdən vəfat edir. Şəkərli diabet həm ölüm halı, həm də əlillik sayının atrmasına görə, xəstəliklər arasında ilk sıralarda yer tutur. Ölkəmizdə həmin xəstəliklə əlaqədar əlillik təyinatı olanlara müavinət verilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov deyib.
O, bildirib ki, orqanizmdə şəkərli diabetin səviyyəsindən asılı olaraq orqanizm funksiyalarının müxtəlif pozulma faizi təyin oluna bilər.
"Məsələn, şəkərli diabetin səbəb olduğu görmə zəifliyi ilə yaxud böyrəklərdə olan dəyişikliklərlə əlaqədar əlillik təyinatı aparılır", - deyə İ.Yusifov bildirib.
Qurum nümayəndəsi əlilliyin qiymətləndirilməsi ilə bağlı prosedur qaydalarını belə izah edib:
"Vətəndaş əvvəlcə qeydiyyatda olduğu poliklinikaya müraciət edir, xəstə həkim-məsləhət komissiyaları tərəfindən müayinə olunur, həyat fəaliyyətinin əsas kriteriyalarının məhdudlaşması və əlilliyin təyinatına əsas verən pozuntular aşkar edilirsə, Tibbi-sosial ekspert komissiyalarına göndəriş (Forma 88 sənədi) verilir. Göndəriş elektron sistemə daxil ediləndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi elektron informasiya sisteminə daxil olur və sistem tərəfindən tam adsızlaşdırılır. Yəni göndərişin kimə aid olduğu, şəxsin adı, soyadı, yaşı silinərək anonim şəkildə kodlaşdırılmış bir göndəriş formalaşdırılır və həmin göndəriş Tibbi-sosial ekspert komissiyaları arasında bölüşdürülür".
Onu da qeyd edək ki, qanunvericiliyə əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 150, 61-80 faiz pozulduqda 220, 81-100 faiz pozulmasına görə 270 manat müavinət təyin olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.