BAKI, 17 iyul — Sputnik. Dünyada 50-dən çox dövlət borc öhdəliklərini yerinə yetirə bilmir və ya defolta yaxınlaşır. Bu barədə bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) forumunda çıxışı zamanı bildirib.
"Bir çox ölkələr maliyyə uçurumunun astanasındadır. 52 ölkə defoltdadır və ya buna yaxındır. Eyni zamanda, onların borc yükünü azaltmaq perspektivi yoxdur", - deyə o bildirib.
Quterreş qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri fondunda çatışmayan vəsaitin həcmi koronavirus pandemiyası başlayandan bəri 2,5 trilyon dollar artaraq 4,2 trilyon dollara çatıb.
Qturreş ölkələri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərini artırmağa çağırıb.
"Bizə 2027 və 2030-cu ilə qədər yoxsulluğun və bərabərsizliyin azaldılması üçün ölkələrdən iddialı fəaliyyətə və öhdəliklərə ehtiyacımız var", - deyən dünya təşkilatının rəhbəri, dövlətləri DİM çərçivəsində qarşıya qoyulan hədəfləri yeniləyən və canlandıran siyasi bəyannamə qəbul etməyə çağırıb.
Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi 2015-ci ildə BMT üzvləri tərəfindən qəbul edilib. O, yoxsulluğun aradan qaldırılmasına, planetin resurslarının qorunmasına və hamı üçün rifahın təmin edilməsinə yönəlmiş bir sıra məqsədləri ehtiva edir. 17 məqsədin hər biri 15 il ərzində əldə olunacaq bir neçə göstərici ilə müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.