CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özəl çimərliklərdə təhlükə: başınız daşa dəyə və boğula bilərsiz!

FHN yetkilisinin sözlərinə görə, ödənişli çiməriklərdə də müşahidə qülləsi qoyulmalı, xilasedicilər və xilasetmə üçün texniki vasitələri olmalıdır. Amma Abşerondakı özəl çimərliklərdə buna məhəl qoyan yoxdur.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Özəl çimərliklərə giriş ödənişli olsa da, onların əksəriyyətində nə xilasedici var, nə də ki müşahidə qülləsinə rast gəlmək mümkündür. Sputnik Azərbaycan vətəndaşlara giriş üçün fantastik qiymət qoyan ödənişli çimərliklərdə təhlükəsizliyin necə təmin olunduğunu araşdırıb.
Çimərlik operatorlarına bildirişlər paylanılıb, amma...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Sputnik Azərbaycan-a açıqlamasında bunu təsdiqləyib.
O, bildirib ki, girişin ödənişli olduğu çimərlik zonalarında təhlükəsizlik tədbirləri həmin sahibkar tərəfindən təmin edilməlidir:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili

"Hələ aprel ayından çimərlik operatorlarına təhlükəsizlik qaydalarını özündə əks etdirən yazılı bildirişlər paylanılıb. Dövlət tərəfindən nəzarət edilən çimərliklərdə təhlükəsizlik tədbirlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirsə də, özəl çimərliklərdə bunu çimərlik operatorları həyata keçirilməlidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılmalıdır. Suyun dibində baş verən proseslər öyrənilməli, suyun dibindəki daş-qaya parçaları təmizlənməli, dərinlik və burulğanlar monitorinq edilərək həmin ərazilərə xüsusi nişanlar qoyulmalıdır. Həmçinin üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmalıdır. 1,75 metr dərinlikdə belə nişanlar qoyulmalıdır ki, insanlar həmin sərhəddən o tərəfə üzməsinlər".

Özəl çimərliklərdə xilasedicilər olmalıdır
A.Əlilinin sözlərinə görə, ödənişli çiməriklərdə də müşahidə qülləsi qoyulmalı, xilasediclər və xilasetmə üçün texniki vasitələri olmalıdır. Çünki, bunların hər biri təhlükəsizlik tədbirləridir. Özəl çimərlik operatorları bu təhlükəsizlik tədbirlərini həyata keçirməlidirlər ki, ölüm hadisəsi baş verməsin.
Həmsöhbətimiz bildirib ki, əgər hansısa çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyindən xəbər verir.
Amma A.Əlili belə halda qurumun həmin sahibkarlarla bağlı tədbir görmək səlahiyyəti olmadığını söyləyib. Deyib ki, buna nəzarəti ərazi üzrə yerli icra hakimiyyətləri həyata keçirir.
Çimərlik operatorları dənizdə təhlükəsizliyə məsuliyyət daşımır
Çimərlik operatorları isə hər vəchlə bu məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Əlaqə saxladığımız çimərlik operatorları dənizin onların ərazisi hesab olunmadığını, bu səbəbdən də sözügedən tədbirləri həyata keçirməyin onların vəzifəsinə aid olmadığını bildirdilər.
"Casablanca Beach"-dən bildirdilər ki, onlar təhlükəsizlik tədbirlərini ancaq istirahət mərkəzinin daxilində təmin edirlər:

"Biz dənizi icarəyə götürməmişik. Dəniz xalqın istifadəsindədir. Biz yalnız dənizin kənarında istirahət mərkəzi kimi xidmət göstəririk. Gələn müştərilərə öz xidmətlərimizi təklif edirik. Buraya hovuz, şezlonq, restoran xidmətləri daxildir".

Əlaqə saxladığımız digər çimərlik operatorları da dənizin kənarında xidmət göstərdiklərini bildirdilər.
"Point Beach Dostluq" (Şıx) çimərlik operatorunun adminstratoru isə bildirdi ki, bura dənizkənarı istirahət mərkəzidir. Yalnız dənizə çıxışı olduğundan, çimərlik ərazisi hesab olunur. Vətəndaşların təhlükəsizliyi isə yalnız istirahət mərkəzinin içərisində təmin olunur.
Apardığımız kiçik araşdırmadan məlum oldu ki, çimərlik operatorları öz ərazilərində dənizin dibində heç bir müayinə aparmır, hətta dalğıclar belə cəlb etmirlər. Halbuki, bəzi özəl çimərliklərdə dənizə giriş üçün vətəndaşlardan ayrıca ödəniş tələb olunur.
Qayda var, əməl edən yox!
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə 216 saylı qərarı var. Həmin qərarın 2.6 bəndində çimərliklərin təşkili, saxlanılması və istifadəsinə dair tələblər öz əksini tapıb. Burada qeyd olunub ki, kütləvi istifadə üçün ayrılmış (seçilmiş) çimərliklərdə sahilboyu zolağın altında olan və ona bitişik torpaq sahələrinin vəziyyəti sanitar-epidemioloji tələblərə uyğun olmalı, çirklənməyə və bataqlıqlaşmaya məruz qalmamalıdır.
Su obyektlərinin dibinin dərinliyi sahildən uzaqlaşdıqca tədricən enərək 1,75 m-dən artıq olmamalı, burada çimənlər üçün təhlükə yaradan çıxıntı və çuxurlar, sualtı daş və qayalar, suya batmış qol-budaqlı ağaclar, cəng və lehmələr və digər yad cisimlər olmamalıdır. Su obyektlərinin dibi alçaq temperaturlu qrunt suları qaynaqlarından azad olmalı, su axınlarının sürəti 0,5 m/san-dən artıq olmamalıdır.
Çimmə zonasının sərhədləri hər tərəfdən yaxşı seçilən və bir-birindən 50 m-dən artıq olmayan məsafədə yerləşdirilmiş siqnal üzgəclər və yaxud stasionar nişanlarla işarələnməlidir. Çimərlikdə hündürlüyü 8-10 m olan və yaşıl rənglə rənglənmiş dirək quraşdırılmalı və suda bədbəxt hadisə baş verdikdə onun başına 1 m diametrli qırmızı rəngli siqnal hava balonu qaldırılmalıdır.
Çimmə zonasının dibi su obyektlərinin istifadəçiləri tərəfindən ayda bir dəfədən az olmamaq şərtilə vaxtaşırı təmizlənməli, lazım olduqda dalğıclar vasitəsilə yoxlanılmalıdır. Sənədin 2.6.11 bəndində isə qeyd edilib ki, çimərliklərdə müşahidə qülləsi olan xilasetmə stansiyası fəaliyyət göstərməli və orada peşəkar xilas edənlərin daimi növbətçiliyi təşkil edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Bu çimərliklərdə boğula bilərsiniz - FHN rəsmisindən əhaliyə xəbərdarlıq!