BAKI, 16 iyul - Sputnik. "Elmlər Akademiyası" stansiyası istiqamətində "Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya bildirib ki, dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib. Təəssüf ki, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib.
Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub.