BAKI, 15 iyul - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya atom elektrik stansiyalarına hücumlardan sonra mümkün nüvə fəlakəti barədə xəbərdarlıq edib.
O, Ukraynanın Rusiya atom elektrik stansiyalarına hücumlarının Avropada nüvə fəlakətinə səbəb ola biləcəyini açıqlayıb.
Rusiya XİN-in sözçüsü bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya atom elektrik stansiyalarına qarşı hücumları Avropada irimiqyaslı nüvə fəlakətinə səbəb ola bilər.
Onun bu şərhi RF XİN-in saytında dərc olunub.
Diplomat xatırladıb ki, iyulun 14-də Ukraynaya məxsus pilotsuz uçuş aparatı Kursk AES-in yerləşdiyi Kursk vilayətinin Kurçatov şəhərində qəzaya uğrayıb. Heç bir kritik obyektə ziyan dəyməyib və heç kim xəsarət almayıb. Eyni zamanda, AES Ukrayna Silahlı Qüvvələrinin ehtimal olunan hədəfi olub ki, bu da Kiyevin "nüvə terrorizmi üsullarından" istifadə etdiyini göstərir.
Zaxarova vurğulayıb ki, bu, Kiyevin Kursk AES-in təhlükəsizliyini təhdid etməsinə dair ilk hal deyil. Belə ki, 2022-ci ilin avqustunda ukraynalı diversantlar stansiyanın təhlükəsiz istismarı üçün risklər yaradan elektrik ötürücü xəttinin dayaqlarını partladıblar.
"Biz Ukraynanın Avropada genişmiqyaslı nüvə fəlakətinə gətirib çıxara biləcək Rusiya atom elektrik stansiyalarına qarşı terror üsullarından fəal şəkildə istifadə etmək üzrə şər niyyətli planlarını qətiyyətlə pisləyirik", - deyə bəyanatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.