BAKI, 15 iyul — Sputnik. İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərin aşkarlanması faktı ilə bağlı araşdırma başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, ərazidə ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilib:
"AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən ilkin qazıntı işləri aparılıb. Mütəxəssislərin rəyinə əsasən, təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Burada sümüklərdən görünür ki, insanlara aid əlavə sümüklər də var. Bu səbəbdən burada qazıntı işləri davam etdirilməlidir. Yaxın ərazilərdə də qazıntı işləri aparılacaq. Bizdə olan məlumata görə, Ağdam rayonunun işğaldan azad edilən Sarıcalı kəndinin ərazisində hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da ermənilər tərəfindən qətlə yetirilib".
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov insan qalıqları Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında aşkar edilib. Bu məlumat əsasında 50 kvadrat metr ərazidə dərinləşdirmə işləri aparılır. O bildirib ki, mövcud yer səviyyəsindən təxminən 40-50 sm ərazidə və 3 fərqli yerdə insan qalıqları tapılıb: "Bir nöqtədə ən azı iki, digər nöqtələrdə isə hər birində bir nəfər olmaqla azı dörd insan qalığı tapılıb. Təbii ki, say, cinsiyyət, sümüklərdə olan travmalar tam bəlli deyil. Bu ekspertlər tərəfindən müəyyən ediləcək".
V.Həsənovun sözlərinə görə, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: "İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.