BAKI, 14 iyul — Sputnik. Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyunun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.
Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.
Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.
Şuşada Azərbaycan şairi Molla Pənah Vaqifin büstü
© Official website of President of Azerbaijan Republic
Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib.
Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.
Molla Pənah Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulub. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınıb.
Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir.
Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərib. 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür.
Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Molla Pənah Vaqif 1797-ci ildə vəfat edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.