BAKI, 14 iyul — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kəlbəcərdə mülki şəxsin minaya düşməsi ilə bağlı bəyanat yayıb.
Ombudsman Aparatından verilən məlumatda bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir:
"Belə ki, cari il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində xəsarət alıb.
Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, sahibkarlıq subyektlərinin fəaliyyətinə, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir".
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı qəti addımlar atmağa çağırıb.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra, indiyədək Ermənistanın mina terroru nəticəsində 300-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.
Lakin, bu istiqamətdə üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 18,1 faizi, yəni 42,635 hektar ərazi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və minatəmizləmə əməliyyatlarını tam miqyasda davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.