BAKI, 14 iyul - Sputnik. Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. Gün ərzində test imtahanlarında 10 mindən çox namizəd iştirak edir. Bu barədə Azərtaca Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, test imtahanı başa çatdıqdan sonra namizədlərə sualların düzgün cavabları ilə tanış olmaq imkanı yaradılır. Həmçinin hər imtahan gününün sonunda namizədlərə təqdim olunan test tapşırıqlarının videoizahı yayımlanır:
“Ötən gün sosial şəbəkələrdə yayılmış test tapşırıqlarının imtahanda təqdim olunan suallarla eyni olması ilə bağlı yayılan iddialar əsassızdır. Belə ki, test tapşırıqlarından biri faktoloji biliyi yoxlayır, sualın şərti və şəkli 9-cu sinif informatika dərsliyində təqdim olunub. Digər sual isə “İnformasiyanın kodlaşdırılması” və “Say sistemləri” mövzularının sintezi şəklində tərtib olunan yeni tipli tapşırıqdır və heç bir test toplusunda yoxdur".
Qurum indiyədək keçirilən müsabiqə nəticəsində minlərlə insanın iş yeri qazanaraq məktəblərdə keyfiyyətli tədrisin təşkilinə töhfə verməsini nəzərə alınmaqla, bu tipli paylaşımların müəlliflərini ictimaiyyətdə fikir çaşqınlığı yaratmamağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.