AZƏRBAYCAN XƏBƏRLƏRİ

Brüsseldə İlham Əliyevlə Şarl Mişel arasında görüş olub

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğulayıb.
Sputnik
BAKI, 14 iyul - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfər edib.
Avropa İttifaqı Şurasının mənzil-qərargahında İlham Əliyevi Şarl Mişel qarşılayıb. Onlar birgə foto çəkdiriliblər.
Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub.
Prezident İlham Əliyev işgüzar səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını bildirib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sabah keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında görüş başa çatıb.
Görüş 3 saat davam edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib. Bu barədə Azərtac xəbər yayıb.
Dövlətimizin başçısının Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.
Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü
Ermənistanın baş naziri hökumətin iclasında iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişellə üçtərəfli görüş keçiriləcəyini açıqlayıb.
"Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq", - baş nazir bildirib.
Bundan əvvəl Paşinyan Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş keçirəcəyini açıqlamışdı. Azərbaycanla sülh müqaviləsinin mətninin imzalanmağa hazır olmadığını qeyd edən Ermənistan Nazirlər Kabinetinin rəhbəri müsbət irəliləyişin qeydə alınacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Paşinyanla Əliyev arasında əvvəlki görüş iyulun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Görüşdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının sədri Şarl Mişel iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.