MƏDƏNİYYƏT

Azərbaycanın ilk qorxu filmi "Xənnas" Türkiyə kinoteatrlarında

Bu gündən etibarən Azərbaycanın ilk qorxu filmi olan "Xənnas" Türkiyənin bütün kinoteatrlarında prokata çıxacaq.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Rejissor Elvin Abdullanın 2017-ci ildə çəkdiyi tammetrajlı bədii, qorxu janrlı filmi "Xənnas" ölkə hüdudlarından kənarda prokata çıxarılır. Bu barədə rejissor Elvin Abdulla məlumat verib.
Onun sözlərinə görə, 6 ildən sonra "Xənnas"ı geniş auditoriya qarşısına çıxarmağa nail olublar. "Xənnas" bədii filmi iyulun 14-dən Türkiyənin bütün kinoteatrlarında prokata çıxacaq:

"Türkiyənin ən böyük distribütor şirkəti olan "Mars Dağıtım"la razılaşdıq və filmi bütün Türkiyədə prokata çıxarırıq. Bu, bizim üçün qürurdur".

Qeyd edək ki, Azərbaycanın ilk qorxu filmi olan "Xənnas"da ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istəyir. Həmin yuxuda İlkinin babası o evdə kiminləsə gizlənməyə çalışıb onu köməyə çağırır.
İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla meyitləri bu evdə dəhşətli bir hadisənin baş verməsinə dair işarə olur. Filmin gedişatında dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki, bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanı qətlə yetirməsi olub. Bu lənəti götürməyə çalışan dostlar həmin mollaların sümüklərini tapır və onları basdırmağa səy göstərirlər.
Paranormal hadisələrlə onlara mane olan qara qüvvələr dostların gecəsini kabusa çevirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.