İQTİSADİYYAT

Azad edilmiş ərazilərdə istehsal olunmuş elektrik enerjisi ilə bağlı rəqəmlər açıqlandı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "AzərEnerji" Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə inşa etdiyi SES-lərdə işləri yaxın aylarda yekunlaşdıracaq.
Sputnik
BAKI, 14 iyul — Sputnik. "Azərenerji" ASC-nin işğaldan azad edilən ərazilərdəki 11 yerdə yenidən qurulmuş və bərpa edilmiş kiçik su elektrik stansiyalarında (KSES) 2020-2023-cü illərdə ümumilikdə 110 milyon kilovat saat (kVt/saat) elektrik enerjisi ("hidro yaşıl enerji") istehsal olunub.
Bu barədə səhmdar cəmiyyətinin Kəlbəcərə təşkil etdiyi mediaturda bildirilib.
Qeyd olunub ki, əsasən Kəlbəcər və Laçın rayonlarındakı bol sulu, iti axan çaylar üzərində yerləşən, ümumi gücü 53 meqavat olan bu 11 KSES-də istehsal edilən enerji ölkənin digər yerlərindəki az sulu, ümumi gücü 74 meqavat olan 13 KSES-dən 2 dəfə məhsuldardır. Digər tərəfdən işğaldan azad olunmuş ərazilərdəki bol sulu çaylar üzərində yerləşən KSES-lərdə hər kilovat saata görə istehsal edilən enerjinin maya dəyəri də ölkənin digər yerlərindəki az sulu KSES-lərdən azdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "AzərEnerji" Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə inşa etdiyi SES-lərdə işləri yaxın aylarda yekunlaşdıracaq. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə SES-lərin tikintisinə başlanılıb.
Bütün SES-lərdə çayın 50 % təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılır və borudan çıxan su da təkrar çaya buraxılır. Bütün yerlərdə su ehtiyatlarından səmərəli istifadə olunması, daşqının qarşısının alınması, su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarə olunan su qəbuledicilər tikilir.
Çayda ekoloji axını avtomatik tənzimləyən və suyun həcmi az olduqda ətraf mühitin mühafizəsi məqsədiylə özünü dayandıran Avropa istehsalı olan eko-turbinlər quraşdırılır. Eyni zamanda tikinti zamanı adiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə təbii mühitin, flora və faunanın qorunması da xüsusi diqqətdə saxlanılır.
Ümumilikdə, bu günə kimi "AzərEnerji"nin yenidən qurduğu və yaxın perspektivdə tikərək istismara verəcəyi 27 SES-in ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə ildə 600 milyon kilovat saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.