BAKI, 13 iyul — Sputnik. 2022-ci ildə orta məktəbi "əlaçı" kimi bitirmiş 149 abituriyent qəbul imtahanında 0-100 bal arası nəticə göstərib. Bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov *Facebook sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, məktəbi "əlaçı" kimi bitirən daha 907 abituriyentin balı isə 100-200 aralığında olub:
"Ötən il məktəbi "əlaçı" kimi başa vuran şagirdlərin təxminən 10 faizi qəbul imtahanında 200-dən aşağı nəticə göstərib".
K.Əsədovun bu açıqlaması ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Hətta bu məlumata şübhə ilə yanaşanlar da var.
Odur ki, Sputnik Azərbaycan "2022/2023-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili"ndə bu göstəriciləri araşdırıb.
Əlaçı abituriyentlərin 5-23%-i attestat qiymətlərini doğruldur
DİM-in "Abituriyent" jurnalının 12-ci buraxılışında əks olunan təhlildə qeyd olunub ki, fənlər üzrə attestat qiymətləri kafi olan (3) abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında da eyni nəticəni göstərib. Amma təəssüf ki, "əla" qiymətləndirmədə bunun əksi üzə çıxıb. Bu, özünü coğrafiya (II, III qruplar), kimya (I, IV qruplar) və tarix II, III qruplar) fənləri üzrə qiymətləndirmədə daha qabarıq göstərib. Coğrafiya fənnindən əlaçı abituriyentlərin 40.27%-nin, kimya fənnindən 28.77%-nin və tarix fənnindən 27.39%-nin uyğun fənlər üzrə qəbul imtahanının II mərhələsində topladıqları nisbi balları 20-dən az olub. Əlaçı abituriyentlərin 80- 100 bal intervalındakı nəticələrinə nəzər saldıqda görürük ki, bu abituriyentlərin ayrı-ayrı fənlər üzrə yalnız 5-23%-i 80–100 bal intervalında nəticə göstərərək özlərinin attestat qiymətlərini doğruldublar. Jurnalda qeyd olunub ki, belə zəif nəticə göstərənlərin sayının çox olması fənlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır.
Attestat qiymətlərinin buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə ziddiyyət təşkil etməsi ümumtəhsil müəssisələrində şagirdlərin biliyinin qiymətləndirilməsinə müəyyən şübhələr yaradır.
"Əlaçı" şagirlər imtahanda niyə yüksək bal toplaya bilmir?
İxtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyevin fikrincə, orta məktəblərdə şagirdlərə verilən qiymətlərlə DİM-in təşkil etdiyi imtahanların nəticələrini müqayisə etmək doğru deyil.
"Bu, düzgün yanaşma deyil. Şagird məktəbdə oxuyarkən dərsə hazırlaşıb qiymətini alır. Amma DİM-in qəbul prosesi fərqlidir. Abituriyentlərin biliyi yeddi tədris ilinə görə qiymətləndirilir. Bu qiymətləndirmə zamanı yeddi tədris ilinin nəticəsi ortaya çıxır" - deyə R.Nurəliyev bildirib.
Ekspertin fikrincə, müəllimlər şagirdlərə məktəbdə qiymətləndirmə zamanı müəyyən güzəşt edə bilərlər. Ona görə də, illik və attestat qiymətlərini DİM-in nəticələri ilə müqayisə etmək düzgün deyil.
Həmsöhbətimiz hesab edir ki, orta məktəblərdə şagirdlərə şişirdilmiş qiymətlər də verilir: "Şagird bu gün hazırlaşdığı mövzunu sabah gedib dərsdə danışaraq qiymətini alır. Şagirdlərin məktəblərdə qiymətləndirilməsinin nə qədər düzgün olduğunu Elm və Təhsil Nazirliyinin keçirdiyi monitorinqlər üzə çıxarda bilər. Müəllimin qiymətləndirməsini isə şagirdin DİM imtahan nəticələri ilə müqayisə etmək doğru deyil".
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, 149 abituriyentin orta məktəbi əla qiymətlərlə başa vurduğu halda 0-100 bal arası nəticə göstərməsi düşündürücüdür. Bununla bağlı mütləq araşdırma aparılmalıdır ki, o məzunlar hansı məktəblərdə təhsil alıblar. Əla qiymətlə oxuyan şagirdin orta təhsili başa vurduqdan sonra aşağı nəticə göstərməsi mümkün deyil.
"Məktəblərdə qiymətləndirmədə kifayət qədər qüsurlar var. Bizə də bu cür informasiyalar daxil olur. Bir çox hallarda məktəb direktorları, sinif rəhbərləri bu prosesdə tərəf olaraq qeyri-obyektivlik nümayiş etdirirlər. Belə hallara görə məktəb direktorları ilə bağlı araşdırma aparılmalı, onlar cəzalandırılmaldıır. Çünki, şagird qiymətləndirilməsi tədrisin keyfiyyətini əks etdirməlidir. Müəllim əxlaqı bu cür hallara yol verməməlidir. Bunu edənlər varsa, məktəbdən kənarlaşdırılmalıdır" - İ.Orucov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.