BAKI, 13 iyul — Sputnik. Bakıda bir sıra çimərliklərdə çimmək təhlükəlidir. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirib. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində dənizin dibindəki daşlar və qayalıqlar üzə çıxıb. Bu isə həmin ərazilərdə çimməyi riskli edir.
Bu çimərliklərdən istifadə etməyin!
"Xəzər rayonu Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres" adlanan ərazidə insanlar kütləvi şəkildə çimir. Orada sualtı axınlar var. Eləcə də suyun altında daş-qaya parçaları var. Qayalıqlar olduğu üçün sualtı axın normadan artıqdır. Bu ərazidə insanların çimməsi olduqca təhlükəlidir. Həmçinin Novxanıda "Ləman" çimərliyinin yaxınlığı, Qaradağ rayonunda "Mayak" çimərliklərində sualtı axınlar normadan artıqdır. Orada qayalıqlar olduğundan çimmək təhlükəlidir.
Bilgəh ərazisində, "12-ci dalan" adlanan yerdə, Nardaranla Bilgəhin arasında yerləşən, camaat arasında "Rus çimərliyi" adlanan çimərlik, Ləhiş bağlarında "Estekada", Goradil və Novxanı qəsəbələri arasında "Sarı Qaya" çimərlikləri də çimmək üçün təhlükəli ərazilər sayılır. Biz insanlara sözügedən ərazilərdən çimərlik kimi istifadəni tövsiyə etmirik" deyə - A.Əlili bildirib.
Xilasedici yoxdursa, təhlükə var!
A.Əlili bildirib ki, FHN-nin nəzarət etdiyi çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunur. İnsanlar çimərlik seçimində diqqətli olmalıdırlar. Hansı çimərlikdə xilasedici yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyinə işarədir.
Həmsöhbətimiz qeyd edib ki, suda boğulma hadisələrinin çoxu xilasedicilərin nəzarət etmədiyi çimərliklərdə baş verir. Çünki, boğulma təhlükəsi olduqda onlara kömək edən olmur. FHN-nin nəzarət etdiyi çimərliklərdə isə ötən il ölümlə nəticələnən hadisə qeydə alınmayıb. Bu ilin iyun ayının 15-dən bugünədək 44 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Küləyin sürəti saniyədə 10 metri keçibsə...
Qurum səlahiyyətlisi onu da bildirib ki, çimərlik ərazilərində uşaqların nəzarətsiz buraxılması, küləkli havada dənizdə çimmək təhlükəlidir: "Valideynlər diqqətli olmalı, uşaqları çimərlik ərazilərində nəzarətsiz buraxmamalıdırlar. Bundan əlavə, hava şəraitində də çimərliyə gedərkən diqqətli olmaq lazımdır. O, qeyd edib ki, küləyin sürəti saniyədə 10 metrdən çox olduqda dənizdə çimmək qadağandır!"
"Suvarma kanalları çimmək üçün deyil"
FHN rəsmisi onu da vurğulayıb ki, xüsusən bölgələrdə kanallar və süni göllər, suvarma kanalları var ki, onların heç birinin təyinatı çimərlik üçün deyil.
"Suvarma kanallarının kənarlarına beton plitələr döşənir, kənarları ot örtüyü olduğundan sürüşkən olur. Ona görə də, kanallarda çimən insanlar boğulma təhlükəsi ilə üzləşirlər və bəzən ölüm qaçılmaz olur" - A.Əlili bildirib.
FHN rəsmisi onu da qeyd edib ki, çimərliklərdən istifadə edən vətəndaşların sayı sürtələ artır. Ona görə də, nəzarətsiz yerlərdə boğulma hadisələrinə əvvəlki illərlə müqayisədə daha çox rast gəlinir.
Xatırladaq ki, bir müddət öncə Bakıda yeniyetmə dənizdə boğulub. Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. 14 yaşlı Məhəmməd Əzimovun nəşi dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.