TƏHSİL

Təhsil tələbə krediti alanların sayı açıqlandı

Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, Təhsil Tələbə Krediti Fonduna müraciət edən şəxslər üzrə ümumilikdə 6714 nəfər təhsil tələbə kreditindən yararlanıb. Onlardan 2345 nəfərin müraciəti sosial TTK, 4369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.
Təhsil Tələbə Krediti Fondu təhsilin əhatə dairəsini genişləndirmək, əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
Təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin (dövlət, özəl, xüsusi təyinatlı və xarici təhsil müəssisələrinin Bakı filiallarında) ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində əyani təhsil alan və yeni qəbul olmuş tələbələr üçün nəzərdə tutulub.
Təhsil tələbə kreditləri illik 2 faiz dərəcəsi ilə verilən sosial TTK və illik 6 faiz dərəcəsi ilə verilən standart TTK olmaqla iki növə ayrılır. Kreditin qaytarılma müddəti 10 ildir. TTK-dan yararlanmaq istəyən tələbələrdən zaminlik və girov tələb olunmur, təhsil müddətində TTK-ya heç bir faiz hesablanmır və kreditin geri qaytarılması da tələb edilmir.
Təhsil tələbə kreditlərinin verilməsinə başlanıldığı 25 noyabr 2021-ci il tarixindən 2 may 2023-cü il tarixinədək fonda 25 000-ə yaxın tələbə müraciəti daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.