BAKI, 12 iyul — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə Ermənistan Silahlı Qüvvələrində islahatlar prosesini müzakirə edib.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
"Qriqoryan Kuperə müdafiə sahəsində Ermənistan-ABŞ təhsil proqramlarının həyata keçirilməsi barədə məlumat verib. Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də nəzərdən keçiriblər", - məlumatda deyilir.
Qeyd olunur ki, görüş iyulun 11-də Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfəri çərçivəsində baş tutub.
Bu arada Armen Qriqoryan “Amerikanın səsi” radiosuna müsahibəsində Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.
O bildirib ki, Rusiyanın müqavilələrdə nəzərdə tutulan silah və sursatla Ermənistanı təmin etməməsi iki ölkə münasibətlərin gündəmində qalmaqda davam edir.
TŞ sədrinin sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir”.
A.Qriqoryan, həmçinin qeyd edib ki, KTMT ölkələri Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu anlamalıdır: “Bu, çox vacibdir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.