BAKI, 11 iyul — Sputnik. Türkiyə və Azərbaycan hava məkanlarının vahid sistem ilə mühafizəsini təmin etmək niyyətindədir. Artıq bunun üçün yeni layihəyə də start verilib.
Belə ki, Türkiyə və Azərbaycan ortaq "HAKİM" Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini reallaşdırır. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün deyib ki, bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir.
Bəs bu layihənin hərbi əhəmiyyəti nədən ibarətdir? "HAKİM" bölgədə Azərbaycana hansı hərbi-strateji üstünlüyü qazandıracaq?
Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov və hərbi ekspert Tərlan Eyvazov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Üzeyir Cəfərov bildirib ki, 2025-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələri Türkiyə standartlarına uyğunlaşdırılmalıdır: "Bu tapşırıq hər iki ölkənin güc strukturları qarşısında qoyulub. Hava məkanının vahid mühafizəsi, hava hücumundan müdafiə və hərbi hava qüvvələrinin koordinasiyası bu məqsədlə icra edilir. Məqsəd iki ölkənin silahlı qüvvələrinin gələcəkdə fəaliyyətinin koordinasiya edilməsidir".
Hərbi ekspertin sözlərinə görə, birgə hərbi təlimlərin keçirilməsi də bu məqsədə hesablanıb.
Üzeyir Cəfərov Türkiyənin NATO üzvü olduğunu qeyd edərək bildirib ki, NATO-nun sistemi keçmiş SSRİ-dən fərqlidir və bu cəhətdən yaxın zamanlarda Azərbaycan tərəfindən də hansısa qərarların verilə biləcəyini gözləmək olar: "Bu yaxınlarda Azərbaycan müdafiə nazirinin müavininin İtaliyaya səfəri zamanı bu ölkədən müasir təyyarələrin alınması ilə bağlı razılıq əldə edildi. Bu da onu deməyə əsas verir ki, Azərbaycan tədricən keçmiş SSRİ silahlarından azad olur və bu məsələdə Qərb texnologiyasına üstünlük verir".
"Bütövlükdə Cənubi Qafqaz və türk dövlətlərinin hava məkanının inteqrasiyasına sıradan məsələ kimi yanaşmaq olmaz. Komanda məntəqəsinin burada açılması adi məsələ deyil. Bir az tarixə nəzər salmaqda da fayda var. SSRİ dövründə Cənub istiqamətləri qoşunlarının qərargahı Azərbaycanda olub və burada 5 hərbi dairə (Orta Asiya, Türküstan, Şimali Qafqaz, Zaqafqaziya, Qırmızı Bayraqlı Xəzər Donanması) yerləşib. Bütün bu dairələr Bakıdan koordinasiyalı şəkildə idarə olunurdu. Yəni, bununla bağlı ənənə var və yenisini yaratmaq əlavə yükdür. Türkiyəyə də Azərbaycan və digər türkdilli ölkələri bu çətir altında birləşdirmək lazımdır", - deyə hərbi ekspert vurğulayıb.
Hərbi ekspert Tərlan Eyvazov isə deyir ki, son baş verən hadisələr Azərbaycan və Türkiyə arasında etibarlı tərəfdaşlığın yarandığını təsdiq edir: "Artıq uzun illərdir ki, Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir. Azərbaycan ordusunda Türkiyə hərbi modelinin tətbiqi də bunun bir örnəyidir. Hazırda isə iki arasında hava məkanına nəzarətlə bağlı atılan addımlar, planlaşdırılan layihələr həm də geopolitik situasiyadan ortaya çıxan reallıqlardır. Bu baxımdan Hava Hücumundan Müdafiə qüvvələrinin bir yerdə fəaliyyətinin təşkili də anlaşılandır. Hesab edirəm ki, bu strateji addım gələcək dövrlərdə öz əhəmiyyətini sübut edəcək".