BAKI, 11 iyul - Sputnik. Xarici ticarət balansımızın profisiti çox böyük səviyyədədir. Azərtac xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.
Dövlətimizin başçısı ölkələrin böyük əksəriyyətinin nəinki ixrac, daha çox idxal etdiyini vurğulayaraq n dövlətimizin başçısı deyib:
“Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir”.
"İnflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər", - deyə dövlət başçısı bildirib.
Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblərin də olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib:
“Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxış edib. Sonra müşavirə müzakirələrlə davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.