BAKI, 11 iyul - Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullayev Hüseyn Arif oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Bildirilir ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilib.
"Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir", - deyə məlumatda bildirilir.
O da qeyd olunub ki, hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.