İstilik dalğası bütün dünyanı bürüyüb. Rusiyada, Avropa və Asiya ölkələrində uzun müddət yüksək temperatur qeydə alınıb.
Belə ki, Rusiyada Ural bölgəsində anomal istilər hökm sürür. Sverdlovsk, Çelyabinsk və Kurqan bölgələrində yüksək temperatur qeydə alınıb. Novosibirsk bölgəsində hava 35-ə qədər istilənib.
Fransada bir sıra departamentlərdə narıncı — təhlükəli rejim elan edilib. Lionda bazar günü havanın temperaturu 38 dərəcəyə qədər qalxıb.
Almaniyada da termometrin göstəricisi 38 dərəcəyə qədər qalxıb.
Polşada 30 dərəcə istilik hökm sürür. Həkimlər günorta günəşində çölə çıxmamağa və bol su içməyə çağırırlar.
İtaliyada da istilər artıb. İspaniya və Portuqaliyada da yaxın günlərdə havanın temperaturu Selsi üzrə 40 dərəcəni keçəcək.
Asiya regionunda da civə sütunu 40 dərəcəyə qalxıb. Çin Xalq Respublikasının Mərkəzi Meteorologiya İdarəsi ötən həftə ölkədə geniş yayılmış istilik dalğası ilə əlaqədar narıncı xəbərdarlıq edib.
Pekin və Tyantszində, Hebey, Şandun və Henan əyalətlərində yüksək temperatur qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda ötən həftəsonu havanın temperaturu 40 dərəcəni keçib. Belə ki, Bakıda havanın temperaturu 42 dərəcəyə yüksəlib.
Sərinlik axtarışında bir çoxları göllərə və çaylara doğru can atıblar, amma həkimlər soyuq şok barədə xəbərdarlıq edirlər – aşağı temperaturun təsiri nəticəsində bədən stresli vəziyyətə düşə, nəticədə isə insan hətta ölə də bilər.