BAKI, 10 iyul — Sputnik. Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlar indi mümkün deyil. Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov "Rossiya-24" telekanalının efirində deyib.
""Amerikalılar istəsəydilər, ukraynalıları danışıq masası arxasında oturmağa məcbur edərdilər. Ukraynalılar nəsə etmək istəsələr, onlar da hansısa formada siqnallar verməyə başlayardılar. Amma bu belə deyil. Sergey Lavrovun dediyi kimi, əgər siz müharibə istəyirsinizsə, onu əldə edəcəksiniz", - Qavrilov əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.