BAKI, 10 iyul — Sputnik. Problemli kreditlərlə bağlı məsələlər məhkəməyə çatmadan həll olunmalıdır. Lakin təəssüflər olsun ki, statistika da onu göstərir ki, mübahisələrin böyük qismi məhkəməyədək həll olunmur.
Bu ilin beş ayında 20 milyar 600 min manatdan çox kredit verilib ki, onun da 76 faizindən çoxu Bakı və Abşeronun payına düşüb. Bu o deməkdir ki, kommersiya məqsədi ilə verilən hər yüz manatdan cəmi 20 manatı regionların payına düşüb. Regionlar kredit portfelindən səmərəli istifadə edə bilmirlər.
Bunu millət vəkili Vüqar Bayramov “Bank mübahisələrinin uğurlu həlli yolları” adlı elmi-praktik konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, cari ilin beş ayında verilən ipoteka və istehlak kreditlərinin ümumi həcmi 10 milyardadək olub: “Bu da o deməkdir ki mübahisələr üçün zəmin yaranır. İstehlak kreditlərinin həcminin artması növbəti mərhələdə problemlərin həcmini artıra bilər.
Mübahisələrin həlli üçün Mediasiya Şurası və Ombudsman İnstitutunun bu istiqamətdə rolu artırılmalıdır. Kreditə əlçatanlıq və potensial mübahisələrin yaranmasının öncədən qarşısını almaq istiqamətində addımlar atılmalıdır”.