DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan NATO-ya üzvlüklə bağlı Avropa İttifaqı tələbini açıqladı

Türkiyə Prezidenti bildirib ki, Türkiyənin Avropa İttifaqına yolu açılacağı təqdirdə İsveçin NATO-ya yolunu açacaqlar.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsinin təsdiqlənməsi perspektivini Türkiyənin Avropa İttifaqına gedən yolunda maneələrin aradan qaldırılması ilə əlaqələndirib. O, bunu NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl deyib.
"50 ildir bizi Aİ yolunda saxlayan ölkələrə müraciət etmək istəyirəm. Türkiyənin Avropa İttifaqına yolunu açın. Biz də İsveçin NATO-ya yolunu açacağıq. İsveçin NATO-ya üzv olmaq üçün Ankara ilə imzaladığı memorandumun şərtlərinə tam əməl etməsini gözləyirik. Şərtləri yerinə yetirmək lazımdır. Bu axşam mən İsveçin baş naziri Ulf Kristersson ilə görüşəcəyəm. Biz onlardan bizə verdiyi sözə əməl etmələrini istəyirik. Türkiyə də öz növbəsində NATO-nun fəaliyyətinə kömək edir, lazım olan hər şeyi edir", deyə Türkiyə Prezidenti bildirib.
Ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb. Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, Finlandiya aprelin 4-də alyansa üzv olub. Eyni zamanda, türkiyəli qanunvericilər Stokholmdan Terrorla Mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarına əməl etməyi tələb edərək İsveçin alyansa daxil olması ilə bağlı protokolu təsdiqləməyiblər.