BAKI, 10 iyul — Sputnik. Dünya 2030-cu ilə qədər BMT-nin Qlobal İnkişaf Məqsədlərinə nail olmaqdan çox uzaqdadır. Hazırda inkişafın maliyyələşdirilməsinə milyardlarla deyil, trilyonlarla dollar ayırmaq lazımdır.
BMT-nin keçmiş baş katibi Pan Gi Mun bunu bazar ertəsi bildirib.
2015-ci ildə BMT Baş Assambleyası tərəfindən hazırlanmış, 2030-cu ilə qədər "hamı üçün daha yaxşı və daha davamlı gələcəyə nail olmaq planı" - davamlı inkişaf sahəsində 17 qarşılıqlı əlaqəli məqsəddən ibarət olan məqsədlər planıdır.
"Bu il biz 2030-cu ilə qədər məqsədlərin və Paris iqlim sazişinin həyata keçirilməsində yarı yoldayıq. Bununla belə, biz 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olmaqdan çox uzağıq", - deyə Pan Gi Mun Pekində keçirilən Ümumi İnkişaf naminə Qlobal Fəaliyyət Forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, "COVID-19" pandemiyası yoxsulluğun aradan qaldırılmasında dörd ildən çox davam edən tərəqqini heçə endirib, həmçinin 93 milyondan çox insanı həddindən artıq yoxsulluğa sürükləyib.
"Dünyada hazırkı ambisiya və fəallıq səviyyəsi əhəmiyyətli dərəcədə artırılmalıdır. İqlim dəyişikliyi təhlükəsi, münaqişələr, ərzaq və enerji problemləri, qeyri-sabitlik kimi ümumi problemləri həll etmək üçün qlobal əməkdaşlıq tələb olunacaq. Biz inkişafın maliyyələşdirilməsinə artıq milyardlar yox, trilyonlarla dollar pul xərcləməliyik", - dyə o, bildirib.