HADİSƏ

Ağcabədidə toyda zəhərlənmə ilə bağlı araşdırma başlandı

İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.
Sputnik
BAKI, 10 iyul — Sputnik. TƏBİB Ağcabədidə toyda zəhərlənmə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib. Onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.
09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.
***
Ağcabədi rayonu Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub. Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Ağcabədidə toyda kütləvi zəhərlənmə olub. Rayonun Rəncbərlər kəndində yerləşən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Xatırladaq ki,bu ilin aprel ayında Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər qida zəhərlənməsi üzündən TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilmişdi. Onlar kənddə keçirilən nişan mərasimində qidadan zəhərlənmişdilər.