RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna Krım körpüsündəki partlayışı törətdiyini etiraf edib

Ukrayna Müdafiə nazirinin müavini bildirib ki, Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib.
Sputnik
BAKI, 9 iyul - Sputnik. Rəsmi Kiyev Krım körpüsündə 2022-ci ilin payızında baş vermiş terror aktına görə məsuliyyət daşıyır. Bunu Ukrayna Müdafiə Nazirliyinin müavini Anna Malyar öz “Telegram” kanalında qeyd edib.
“Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib”, - deyə Ukrayna Müdafiə nazirinin müavini yazıb.
Bundan əvvəl mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi.
2022-ci il oktyabrın 8-də Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobil hissəsində yük maşını partlayıb. Hadisə hərəkətdə olan qatarın yeddi yanacaq çəninin yanmasına səbəb olub. Partlayan yük maşınının sürücüsü və minik avtomobilində olan iki nəfər həlak olub.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.