CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəqəmsallaşan ölkədə ibtidai reklamçılığın səbəbləri - Ekspert rəyi

Ekspert qeyd edir ki, Azərbaycanda reklam siyasəti düzgün qurulmayıb. Məhz bu səbəbdən kiçik sahibkarlar reklamın ibtidai formasından istifadə edirlər.
Sputnik
BAKI, 9 iyul — Sputnik. Azərbaycanda reklam bumu ötən əsrin 90-cı illərində başladı və insanlar illərlə informasiya qıtlığında yaşadıqları üçün bu reklamlar onlar üçün bir növ "qida" mənbəyi rolunu oynadı. Həmən dövrdə hansısa reklamda səslənənlər hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar reklamları daha az yadda saxlamağa və tədricən nəzər yetirməməyə başladı. Əvvəllər yalnız qəzet, televiziya və radio kimi informasiya mənbələri var idisə, hazırda hər addımbaşı paylanılan broşürlərdən, evlərə və ofislərə göndərilən kitabçalardan, belə demək mümkünsə, təngə gəlirik.
Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü Cahid Həsənov təəssüf hissi ilə qeyd edib ki, ölkəmizdə reklam mədəniyyəti hələ tam formalaşmayıb. Onun fikrincə, Azərbaycanda reklam siyasəti də düzgün qurulmayıb:

"Altı il öncə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) yaranıb. Onlar açıq məkanda tətbiq olunan reklamlara yüksək rüsum qoyduqlarına görə, kiçik sahibkarların sivil reklam yayım (açıq məkanda) yolları qapanıb və məhz bunun nəticəsidir ki, ibtidai dövr reklamları baş alıb gedir. Əgər ADRA tərəfindən açıq məkanda reklam yayımı monopoliyalaşmasaydı, kiçik sahibkarların reklamları nə telefonlarımıza sms vasitəsi ilə gələrdi, nə də zəngləri dəng edərdi. Qapılarımızın üstündə asılan, bina fasadlarında, dayanacaqlarda yayılan reklamlarla da üzləşməzdik".

Cahid Həsənov
C.Həsənov bildirir ki, ADRA müxtəlif ərazilərdə kiçik sahibkarların inkişafı üçün reklam yayımına şərait yaratmalıydı, onları yerindəcə boğmamalıydı:
"Mən Azərbaycan reklamının yaradıcılarındanam. 1994-95-ci illərdə Reklam haqqında qanunu yazanlardan, Milli Məclisdə bunu müzakirə edənlərdən biri olmuşam. Əgər mənim reklamla bağlı təklif etdiyim konsepsiya agentlikdə tətbiq olunsaydı, kiçik sahibkarlar orta, orta sahibkarlar isə böyük bizneslə məşğul olardılar. Sadalanan bu problemlərə görə, dünyada Azərbaycan brendini yaratmaq qəlizləşib".

"Mənim özümə də hər gün reklamla bağlı zənglər gəlir. Mən onları qınamıram. Kiçik sahibharlıqdan orta sahibkarlığa gətirən yeganə yol reklamdır. Əgər reklam agentliyi kiçik sahibkarlara imkan versəydi, onlar bu sahədə monopoliya yaratmasaydı, sahibkarlar da bu yollara əl atmazdılar. Reklam agentliyi yüksək rüsum tətbiq etməklə kiçik sahibkarları beşiyindəcə boğur. Azərbaycanda reklam haqqında qanun çox gözəl işlənib. Onun 5%-i tətbiq olunsa, küçələr reklam kağızlarıyla aşıb-daşmaz, telefonlarımız da susar", - deyə Cahid Həsənov fikrini tamamlayıb.

Küçə reklamları ilə bağlı vəziyyəti isə Azərbaycan Dövlət Reklam Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Hüseyn Azəri açıqlayıb.
O bildirib ki, ötən il 6 minə yaxın açıq məkanda reklamın yayımı dayandırılıb. Bunlar müvafiq qanunvericilik tələblərinə cavab verməyən reklamlar olub.

"Hazırda da açıq məkanlarda reklam yerləşdirmək istəyən hər bir şəxsə müraciət edirik ki, reklamı yerləşdirilməzdən əvvəl Dövlət Reklam Agentliyinə müraciət edib, icazə alsınlar. Bu, qanunun tələbidir. Hazırda reallıq ondan ibarətdir ki, bir çox obyektlər reklamı yerləşdirirlər, sonradan bizim müfəttişlər gəlir və həmçin sahibkarı məlumatlandırır ki, burada sizin reklamınızda qanunsuzluq var. Sahibkar ya onu dəyişdirməli olur, ya da sökməli. Və nəticədə sahibkar ikiqat xərcə düşür".

Reklam lövhəsi, arxiv şəkli
H.Azəri reklam üçün icazənin alınmasının da çox asan olduğunu qeyd edib:
"Onlayn icazələr sistemi var. Heç yerə getməyə ehtiyac yoxdur. Kompüter vasitəsilə reklamlarının eskizlərini əraziyə yerləşdirmək mümkündür. Orada avtomatik qiymət hesablanır. Dövlət Reklam Agentliyinin rəsmi saytına daxil olaraq, kalkulyator bölməsinə girib, müvafiq xanaları doldurmaqla açıq məkanda yayımlanacaq reklamın qiymətini hesablamaq olur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.