BAKI, 9 iyul - Sputnik. "İran qonşu ölkədir. Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, son zamanlar tərəflər arasında gərginlik davam edir və bunun ciddi səbəbləri var.
"İranın xarici işlər nazirinin səfərini müsbət qiymətləndiririk. Səfər zamanı münasibətləri açıq müzakirə etmək imkanı oldu. İranın münasibətlərin normallaşması istiqamətində ciddi addım atmaq niyyətini hiss edirik. Azərbaycan da adekvat addımlar atacaq", - nazir deyib.
O həmçinin İranın Azərbaycan səfirliyinə hücumla əlaqəli şəxslərin cəzalandırılmasını umduğunu da deyib:
"İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istəyirik".
Bayramov əlavə edib ki, rəsmi Bakının bu məsələ ilə bağlı ciddi gözləntiləri var.
"İrandakı səfirliyimizin fəaliyyətinin dayandırılmasının konkret səbəbləri var", - nazir fikrini yekunlaşdırıb.
Abdullahiyanın səfəri
Xatırladaq ki, iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı keçirilib. İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana gəlib. Səfər zamanı o, azərbaycanlı həmkarı ilə görüşərək iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Azərbaycanın Tehrandakı səfirliyinə hücum
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlara atəş açıb. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstəriblər. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanıb.
Yasin Hüseynzadə çox keçməmiş, İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılıb. Hadisəni törədən Hüseynzadə istintaqa cəlb olunub.
Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınayaraq səfirliyə hücumla bağlı məsuliyyətin İranda olduğunu vurğulayıb. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyi hücumla əlaqədar İrandakı səfirliyin əməkdaşlarının evakuasiyasına qərar verib. 30 yanvarda Azərbaycan səfirliyinin əməkdaşları Tehrandan evakuasiya edilib və səfirliyin fəaliyyəti dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin..