CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sığorta şirkətləri verdikləri vədə əməl etmir - Millət vəkili

Deputat bildirib ki, vətəndaşlar mənzil alır, onu sığorta edirlər, hadisə baş verdikdə şirkətlər onların arxasında durmur, yaxud da cüzi miqdarda vəsait ödəyirlər.
Sputnik
BAKI, 8 iyul — Sputnik. "Sığorta ilə bağlı problemlərimiz var". Bunu millət vəkili Naqif Həmzəyev "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bir çox hallarda şirkətlər vətəndaşlara verdikləri vədə sadiq qalmırlar:

“Vətəndaşlar mənzil alır, onu sığorta edirlər hadisə baş verdikdə şirkətlər onların arxasında durmur, yaxud da cüzi miqdarda vəsait ödəyirlər”.

Millət vəkili onu da bildirib ki, hər bir mənzil alınıb-satıldıqda çox böyük bir real məbləğdə sığortalanmalıdır.
“Bu olmalıdır ki, vətəndaş da, dövlət də çətin vəziyyətdə qalmasın”, - deyə deputat vurğulayıb.
Onun fikrincə, binalarda mənzillər təmirsiz halda satılmamalıdır. Çünki təmir olunduqda şirkət mənzilə çox müdaxilələr edir. Bəzən elə fors-major hal baş verir ki, o zaman nəsə etmək artıq gec olur. Bu baxımdan təmirsiz mənzillərin satışı qadağan olunmalıdır.
Deputat tikinti şirkətlərinin zəlzələyə davamlı binalar tikməsinin vacibliyinə toxunaraq bildirib ki, belə tikililərdə izolyatorlar olmalıdır:

“Türkiyədə baş verən hadisələrin şahidi olduq. Azərbaycanda xüsusən də seysmik aktivliyi olan ərazilərdə bu kimi məsələlərə ciddi yanaşmalyıq”.

Millət vəkili bildirib ki, tikinti şirkətləri pul qazanmaq üçün nə dövləti, nə də vətəndaşları çətin vəziyyətə salmamalıdır.
"Bu gün həyəcan təbili çalmasaq, gələcəkdə özümüzü, vətəndaşları, dövləti ağır vəziyyətə salmış olarıq”, - deyə millət vəkili fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.