SƏHİYYƏ

Azərbaycan ürək-damar xəstəliklərinin sayına görə dünyada ikinci yeri tutur

Məlum olub ki, Azərbaycan ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri üzündəndir.
Sputnik
BAKI, 8 iyul - Sputnik. Ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri üzündən baş verir. Azərtac xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov bu gün Bakıda keçirilən “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransdakı çıxışında deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Tacikistandan sonra dünyada ürək-damar xəstəliklərinin statistika göstəricisinə görə ikinci yerdədir:

“Bu baxımdan ürək-damar xəstəlikləri ilə əlaqədar konfransın keçirilməsi və həkimlərin bu mövzudakı müzakirələri olduqca əhəmiyyətlidir”, - deyə R.Məmmədov vurğulayıb.

Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində həm böyüklər, həm də uşaqlar üzərində 34 mindən çox ürək-damar əməliyyatı icra olunub. Cari il ərzində bu rəqəm 16 mindən çoxdur. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlar departamentinin rəhbəri Hikmət İbrahimli sözügedən konfransdakı çıxışında deyib.
O qeyd edib ki, bir zamanlar ölkəmizdə aparılması mümkünsüz olan çox çətin ürək əməliyyatları artıq yerli cərrahlarımız tərəfindən icra edilir.
Bu ildən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən rayon mərkəzi xəstəxanalarının bir çoxunda ürək-damar cərrahiyyəsi mümkündür. İlin əvvəlində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar şöbələri yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.