BAKI, 8 iyul — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agenliyi açıq havada, birbaşa olaraq Günəş şüaları altında işləyən əməkdaşlarına isti havalarda fasilə verir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında agentliyin mətbuat katibi Anar Nəcəfli deyib.
"Mövcud qanunvericiliyə əsasən havanın temperaturu 41 dərəcədən yuxarı olduqda açıq havada işlər dayandırılmalıdır. Lakin biz havanın temperaturunun 41 dərəcə olmasını gözləmədən, havanın isti olduğunu nəzərə alaraq işçilərə günorta saatlarında fasilə veririk. Onlar bir neçə saat fasilədən sonra işlərini davam etdirir", - deyə A.Nəcəfli vurğulayıb.
Anar Nəcəfli, arxiv
© © APA
O bildirib ki, agentliyin xüsusi texnikalarda işləyən əməkdaşları üçün həmin texnikalarda hava sərinləndiricilər var:
“Onlar Günəş şüaları altında işləmədiyi üçün belə havada bu işçilərin fəaliyyətində hansısa problem olmur”.
“Ümumilikdə bütün işçiləri sərin su ilə təmin edirik”, - deyə agentlik rəsmisi bildirib.
A.Nəcəfli bildirib ki, qaydalara ciddi riayət olunduğundan indiyə qədər hər hansı arzuolunmaz hal baş verməyib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu gün Azərbaycanda 39° dərəcə isti gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.