BAKI, 7 iyul — Sputnik. Rusiya və Ukrayna tərəfləri arasında hələlik danışıqlar üçün perspektiv yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Eyni zamanda o, Moskvanın belə bir fürsətə "qapını bağlamadığını" vurğulayıb. Peskov Belarus prezidentinin Rusiya və Ukraynanın bu payızda danışıqlara başlaya biləcəyi ilə bağlı ehtimalını belə şərh edib.
"Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyələrdə biz Rusiya tərəfinin heç vaxt danışıqlar prosesinə qapını bağlamamasını bildirmişik. Amma hələ ki, biz bu danışıqlar prosesi üçün heç bir perspektiv görmürük", - Dmitri Peskov deyib.
Dmitri Peskov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün Rusiya üçün qarşıya qoyulan bütün məqsədlərə nail olmaq vacibdir.
"Onlara müxtəlif yollarla nail olmaq olar. Amma hazırda təəssüf ki, ilk növbədə siyasi və diplomatik vasitələr əlçatmazdır, yəqin ki, Kiyev rejiminin belə bir ehtimalı rədd etməsi, həm də Vaşinqtonun ilk növbədə belə bir prosesə açıq-aşkar meyl göstərməməsi ilə bağlıdır", - deyə əlavə edib.
İyulun 6-da Minskdə jurnalistlərlə görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada vəziyyətin nizamlanması üçün sülh danışıqları sentyabrdan bir qədər gec başlaya bilər.